Müqəddəs Kitab

Yeşaya - Fəsil 4


 

1) O gün yeddi qadın bir kişinin yaxasından tutub Belə deyəcək: “Öz çörəyimizi yeyib, Öz paltarımızı geyinərik, Təki adın üstümüzdə olsun, Xəcalətdən bizi qurtar”.  

Yerusəlimin gələcəyi

2) O gün Rəbbin Pöhrəsi gözəl və əzəmətli olacaq, İsrail xalqından xilas olub sağ qalanlar Torpağın verdiyi bəhrə ilə Fəxr edib şərəflənəcəklər.

3) Sionda, yəni Yerusəlimdə sağ qalanlara, Orada qeyd olunub yaşayanlara “müqəddəs” deyiləcək.

4) Xudavənd Sion qızlarının Murdarlığını yuyan zaman Ədalət və alov ruhu ilə Yerusəlimi günahlı qandan təmizləyəcək.

5) Sonra Rəbb Sion dağının hər yanını, Orada toplananların üzərini gündüz bulud və tüstü, Gecə isə parlaq alovla örtəcək. Həqiqətən, əzəmətli şəhərin üzərinə örtük olacaq.

6) Bu, bir çardaq, qızmar istidə kölgə, Yağışa, fırtınaya qarşı sığınacaq, Daldalanma yeri olacaq.


  • 4:5 – Çıx. 13:21; 24:16

up