Müqəddəs Kitab
Habaqquq - Fəsil 3
Habaqququn duası
1) Peyğəmbər Habaqququn duası, Şiqqayonlar kökü üstündə.
2) Ya Rəbb, Sənin şöhrətin haqqında eşitdim, Ya Rəbb, gördüyün işlərə görə qorxdum. Bizim vaxtımızda da eyni işlər gör, Bizim dövrümüzdə bunları bildir! Qəzəblənəndə mərhəmətini xatırla!
3) Allah Temandan, Müqəddəs Olan Paran dağından gəldi. Sela Ehtişamı göyü bürüdü, Həmd-sənaları yer üzünü tutdu.
4) Cah-cəlalı günəş tək parıldayır, Əlləri nur saçır, Qüdrətinin sirri əlindədir.
5) Onun önündə vəba, Arxasınca ölümcül xəstəlik gedir.
6) O durdu, yeri tərpətdi, Baxdı, millətləri sarsıtdı, Qədim dağlar dağıldı, Əzəldən qalan təpələr ona baş əydi. Allahın yolu əbədidir.
7) Mən baxıb gördüm ki, Kuşan çadırları çarəsizlik içindədir, Midyan çadırlarının pərdələri lərzəyə gəldi.
8) Ya Rəbb, məgər Sən Çaylara qarşı qəzəblənmisən? Acığın irmaqlara qarşıdırmı? Yoxsa dənizə qarşı hiddətləndin ki, Atlarına, müzəffər döyüş arabalarına mindin?
9) Yayını açdın, Oxdanını oxlarla doldurdun, Sela. Yer üzünü çaylarla yardın.
10) Səni görüb dağlar lərzəyə gəldi, Sellər hər yanı süpürüb axdı, Dərinliklər gurladı, dalğalar qalxdı.
11) Uçan oxlarının qığılcımından, Vıyıldayan nizənin parıltısından Günəş və ay yerlərində durdu.
12) Yer üzündə qəzəb içində gəzdin, Millətləri hiddətlə tapdaladın.
13) Sən Öz xalqının qurtulması üçün, Məsh etdiyin millətin xilas olması üçün çıxdın, Şər nəslin başçısını əzdin, Təpədən dırnağa qədər onu soydun, Sela.
14) Cəngavərləri fırtına tək Bizi dağıtmağa gələndə Onların başını öz nizələri ilə deşdin. Onlar gizlənən zavallıları Məhv edənlər kimi sevinərdi.
15) Sən Öz atlarınla dənizi tapdaladın, Coşğun suları köpüklətdin.
16) Eşitdim, varlığım lərzəyə gəldi, Səsindən dodaqlarım əsdi. Sanki sümüklərim əridi, Dizlərim titrədi. Amma bizə hücum edən xalqın Fəlakətə düşdüyü günü səbirlə gözləyəcəyəm.
17) Əncir ağacı tumurcuqlanmasa da, Meynələr bar gətirməsə də, Zeytun ağaclarına çəkdiyim zəhmət boşa çıxsa da, Tarlalar məhsul yetişdirməsə də, Qoyun-keçi ağıllarda, Mal-qara tövlələrdə yox olsa da,
18) Mən yenə Rəbdə sevinc tapacağam. Xilasımın Allahı ilə şadlıqdan coşacağam!
19) Xudavənd Rəbb mənim qüvvətimdir, Ayaqlarımı maral ayaqları kimi çevik edir, Məni zirvələrdə gəzdirir. Musiqi rəhbəri üçün: simli alətlərin müşayiəti ilə.
- 3:1 Şiqqayon – fərz edilir ki, bu, musiqi terminidir.
- 3:3 Sela – fərz edilir ki, bu bir musiqi terminidir.
- 3:19 – 2Şam. 22:34; Zəb. 18:33

