Mən həyat çörəyiyəm, Mənim yanıma gələn əsla acmaz və Mənə iman edən əsla susamaz.
-Yəhya 6:35

Müqəddəs Kitab

Zebur - Giriş

Fəsillər:

 

“Zəbur” Müqəddəs Kitabın mədh və dualar toplusudur. Bu mədh və dualar uzun illərin məhsulu olub müxtəlif müəlliflər tərəfindən musiqi üstündə yazılmışdır. Hər fəsil ayrılıqda məzmur, yəni ruhani nəğmə adlanır. İsrail xalqı dini ibadətlərində məzmurlardan geniş istifadə edirdi. Bu mədh və dualar poetik üslubda yazılmışdır. Onlar məzmunca müxtəlifdir: Allaha mədh ilahiləri, kömək, müdafiə, qurtuluş üçün dualar, bağışlanma yalvarışları, Allaha minnətdarlıq məzmurları, tövbə duaları və s. “Zəbur” Kitabında insan duyğuları bütün dolğunluğu ilə təsvir edilir. Burada müəlliflərin sevinc, kədər, ümidsizlik, qəzəb hissləri əks olunur. “Zəbur” Kitabının ümumi ideyası budur ki, insan hansı vəziyyətə düşürsə-düşsün, Allah onunladır. Burada həyat həqiqəti və Allahın məhəbbəti sarsılmaz imanla bağlanır. Elə bir insan yoxdur ki, “Zəbur” Kitabını oxuyub orada öz duyğularının əksini tapmasın. İsa Məsih “Zəbur”dan çox sitat gətirirdi. Əhdi-Cədidin müəllifləri məzmurların ayələrindən geniş surətdə nümunə göstərirdilər. Bu kitab İsa Məsihə iman edənlərin cəmiyyətlərinin yaranmasından bəri istifadə etdikləri ruhani xəzinələrdən biridir. Rus və bəzi tərcümələrdə məzmurların əksəriyyəti qədim yunan tərcüməsinə əsaslandığından sıra sayı fərqlidir. Əlinizdəki tərcümədə isə onların sıra sayı əsl ibrani mətnində, ingilis və başqa Avropa dillərində olan tərcümələrdə istifadə olunan sıra sayına uyğundur. İbrani mətni ilə qədim yunan tərcüməsində olan sıra sayının fərqi belədir: İbrani mətni (qədim yunan tərcüməsi):

1-8 (1-8), 9-10 (9), 11-113 (10-112), 114-115 (113), 116 (114-115), 117-146 (116-145), 147 (146-147), 148-150 (148-150)  

Kitabın məzmunu:
 “Zəbur” Kitabı ənənəvi olaraq 5 hissəyə bölünür:
Məzmur 1-41
Məzmur 42-72
Məzmur 73-89
Məzmur 90-106
Məzmur 107-150

up