Fəsillər: Giriş 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66
Allahın millətlərə cəza verməsi
1) Ey millətlər, yaxın gəlin, eşidin, Ey ümmətlər, dinləyin! Ey dünya və sakinləri, Yer üzü və onun bütün yetirmələri, qulaq asın!
2) Çünki Rəbb bütün millətlərə qarşı qəzəbləndi, Onların ordularına qarşı qeyzə gəldi. Onların hamısını məhv edəcək, Ölümə məhkum edəcək.
3) Ölüləri kənara atılacaq, Meyitlərindən üfunət qalxacaq, Dağlar onların qanına bulanacaq.
4) Bütün göy cisimləri çürüyəcək, Göylər bir tumar kimi büküləcək. Göy ulduzları meynə yarpağı kimi, Əncir yarpağı kimi düşəcək, saralıb-solacaq.
5) Rəbb deyir: “Qılıncım göylərdə doyunca qan içdi, İndi o, Edomun üzərinə, Tamamilə məhkum etdiyim xalqın üzərinə enir”.
6) Rəbbin qılıncı qanla, quzu və təkə qanı ilə doydu, Qoç böyrəklərinin yağı ilə piy bağladı. Çünki Rəbb Bosrada qurban, Edomda isə böyük qırğın hazırlayıb.
7) Onlarla birlikdə çöl öküzləri, Buzovlar, güclü buğalar yerə səriləcək. Torpaqları qanla doyacaq, yer üzü piy bağlayacaq.
8) Çünki Rəbbin qisas günü var, Siona edilən zülmlərin intiqam ili var.
9) Edomun axar suları qatrana, Torpağı kükürdə dönəcək, Ölkənin hər tərəfi yanan qatran olacaq.
10) Qatran gecə-gündüz sönməyəcək, tüstüsü həmişə qalxacaq. Bu torpaq nəsildən-nəslə viran qalacaq, Əsrlər boyu oradan bir kəs keçməyəcək.
11) Ora bayquşlarla kirpilərin məskunlaşdığı yer olacaq, Böyük bayquşlarla qarğalar orada yaşayacaq. Rəbb Edom üzərinə qarmaqarışıqlıq ipini, viranəlik şaqulunu salacaq.
12) Orada heç bir adlı-sanlı adam qalmayacaq ki, Onu padşah elan etsinlər. Bütün başçıların sonu gələcək.
13) Saraylarında tikanlar, Qalalarında gicitkən və böyürtkən bitəcək. Ora çaqqalların yurdu, dəvəquşuların yuvası olacaq.
14) Vəhşi heyvanlarla goreşənlər orada görüşəcək, Təkələr bir-birini səsləyəcək, Gecə heyvanları da orada məskunlaşıb rahat yer tapacaq.
15) Orada bayquş yuva quracaq, yumurtlayacaq, Öz kölgəsi altında balalar çıxaracaq. Çalağanlar da orada cüt-cüt yığışacaq.
16) Rəbbin kitabını araşdırın, oxuyun, Bunlardan heç biri əskik olmayacaq, Hər bir dişi heyvan öz cütünü tapacaq, Çünki bu əmr Onun ağzından çıxdı, Ruhu da onları toplayacaq.
17) Rəbb Özü onlar üçün püşk atdı, Əli ilə ölkəni ölçüb, onlara payladı. Onlar bu ölkəyə əbədi malik olacaq, Nəsildən-nəslə burada yaşayacaq.