Fəsillər: Giriş 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28
1) *Ey Teofil, birinci yazılarım İsanın göyə qaldırıldığı günədək başladığı işlər və öyrətməyə başladığı tam tə’lim barəsindədir.
2) Göyə qaldırılmazdan əvvəl İsa seçdiyi həvarilərə Müqəddəs Ruh vasitəsilə buyruqlar verdi.
3) Ölüm əzabını çəkəndən sonra diri olduğunu həvarilərə çoxlu inandırıcı dəlillərlə göstərdi. O, qırx gün ərzində onlara görünərək Allahın Səltənəti barədə danışırdı.
4) *İsa onlarla duz-çörək kəsəndə bu əmri verdi: «Yerusəlimdən kənara çıxmayın, Atanın verdiyi, Məndən eşitdiyiniz və’din həyata keçməsini gözləyin.
5) *Belə ki Yəhya su ilə vəftiz edirdi, amma siz bir neçə gündən sonra Müqəddəs Ruhla vəftiz olacaqsınız».
6) Həvarilər bir yerə toplaşanda İsadan soruşdular: «Ya Rəbb, İsraildə Səltənəti indimi bərpa edəcəksən?»
7) İsa cavab verdi: «Atanın hökmü ilə tə’yin olunan vaxtları və tarixləri bilmək sizin işiniz deyil.
8) *Amma Müqəddəs Ruh üzərinizə enəndə siz qüvvə alacaq, Yerusəlimdə, bütün Yəhudeya və Samariyada, həmçinin yer üzünün sonuna qədər hər yerdə Mənim şahidlərim olacaqsınız».
9) *İsa bunları deyəndən sonra həvarilərin gözləri qarşısında yuxarı qaldırıldı. Bir bulud İsanı götürüb onlardan gizlədi.
10) İsa göyə qalxanda onlar səmaya baxırdılar. Elə həmin an ağ libaslı iki şəxs onların yanında peyda olub soruşdu:
11) «Ey Qalileyalılar, niyə səmaya baxa-baxa qalmısınız? Aranızdan götürülüb göyə çəkilən İsanın aparıldığını necə gördünüzsə, elə də qayıdacaq».
12) Bundan sonra həvarilər Zeytun dağı adlanan yerdən Yerusəlimə endi. Bu dağ Yerusəlimin yaxınlığındadır, oraya olan məsafə Şənbə yolu* qədərdir.
13) *Onlar şəhərə girib qaldıqları evin yuxarı otağına çıxdılar. Oradakılar bunlar idi: Peter, Yəhya, Yaqub, Andrey, Filip, Toma, Bar-Talmay, Matta, Halfayın oğlu Yaqub, Millətçi Şimon və Yaqubun oğlu Yəhuda.
14) İsanın anası Məryəmlə qardaşları və başqa qadınlar da həvarilərlə birlikdə dayanmadan dua edirdi.
15) Həmin günlərdə təxminən yüz iyirmi qardaşdan ibarət toplantı oldu. Peter onların arasından qalxıb dedi:
16) «Qardaşlar, İsanı tutanlara yol göstərən Yəhuda haqqında Müqəddəs Ruhun Davudun dili ilə əvvəlcədən dediyi Yazı sözləri yerinə yetməlidir.
17) Yəhuda bizə qoşuldu, bu xidmətdən ona da pay düşdü.
18) *(Bu adam etdiyi pisliyin haqqına bir tarla satın aldı, sonra da oradan kəlləmayallaq aşıb qarnı yırtıldı və bağırsaqları töküldü.
19) Bütün Yerusəlim əhalisi bunu eşitdi və o yeri öz dillərində “Haqal-Dema”, yə’ni “Qan Tarlası” adlandırdılar)
20) *Çünki Zəbur kitabında yazılıb: “Məskəni viran olsun, kimsəsiz, boş qalsın” və “Vəzifəsini başqası tutsun”.*
21) * *Buna görə də Rəbb İsanın aramıza gəlib-getdiyi müddət ərzində,
22) yə’ni Yəhyanın vəftizindən başlayaraq Rəbb İsanın göyə çəkildiyi günə qədər yanımızdakılardan bir nəfər Onun dirilməsinə bizimlə birgə şahid olmalıdır».
23) Beləliklə, iki nəfəri – Barsabba çağırılan, həm də Yust adlanan Yusifi və Mattiyanı namizəd göstərdilər.
24) Sonra dua etdilər: «Ya Rəbb, Sən hamının ürəyindən xəbərdarsan. Bu iki nəfərdən birini seçib bizə göstər ki,
25) qoy onlardan biri bu xidmətə – həvari vəzifəsinə keçsin. Çünki Yəhuda öz yerini tutsun deyə bu işi atdı».
26) Sonra püşk atdılar. Püşk Mattiyaya düşdü və o, həvari sırasına – on bir nəfərin yanına keçdi.