Mən həyat çörəyiyəm, Mənim yanıma gələn əsla acmaz və Mənə iman edən əsla susamaz.
-Yəhya 6:35

Müqəddəs Kitab

Daniel - Fəsil 12

Fəsillər: Giriş 1 2 3 4 5 6 7 8 9 10 11 12

 

Axır zaman

1) O dövrdə xalqına mənsub olanların dayağı baş mələk Mikael qalxacaq və sənin millətin yaranandan o vaxta qədər olmamış əzablı dövr gələcək. O dövrdə sənin xalqından kitabda adı yazılmış olan hər kəs xilas olacaq.

2) Torpağın altında yatanların çoxu əbədi həyat, bəzisi isə əbədi xəcalət və rüsvayçılıq üçün oyanacaq.

3) Ağıllı adamlar göy qübbəsinin parıltısı kimi, çoxunu salehliyə döndərənlər ulduzlar kimi əbədi və daim parlayacaq.

4) Ancaq, sən ey Daniel, axır zamana qədər bu sözləri sirr saxla və bu kitabı möhürlə. Çox adam özünü ora-bura vuracaq və bilik artacaq”.

5) Onda mən Daniel gördüm ki, başqa iki adam – biri çayın bu tayında, biri isə çayın o tayında durub.

6) Bir adam çayın suları üzərində olan kətan geyinmiş adama dedi: “Bu əcaib hadisələrin sonu nə vaxt olacaq?”

7) Mən eşitdim ki, çayın suları üzərində olan kətan geyinmiş adam sağ və sol əlini göyə qaldırıb Əbədi Yaşayanın adına and içdi: “Bir dövr, iki dövr və yarım dövr keçəcək, müqəddəs xalqın gücü tamamilə tükənəndən sonra bütün bunlar qurtaracaq”.

8) Mən bunu eşitdim, ancaq başa düşməyib soruşdum: “Ey ağam, bəs bunların nəticəsi necə olacaq?”

9) O, cavab verdi: “Get, ey Daniel. Çünki bu sözlər axır zamana qədər sirr olacaq və möhürlü qalacaq.

10) Çoxları paklanıb ləkəsiz və təmiz olacaq, pis adamlar isə şər işlərindən dönməyəcək. Pis adamlardan heç biri bu sözləri başa düşməyəcək, ağıllı adamlar isə başa düşəcək.

11) Daimi yandırma qurbanlarının dayandırıldığı və viranəlik gətirən iyrənc şeyin qoyulduğu vaxtdan min iki yüz doxsan gün keçəcək.

12) Gözləyib min üç yüz otuz beş günə yetişən nə bəxtiyardır!

13) Sən isə öz aqibətinə qədər yaşa, çünki ölüb rahat olacaqsan və axirət günü dirilib qismətini alacaqsan”.


up