Mən həyat çörəyiyəm, Mənim yanıma gələn əsla acmaz və Mənə iman edən əsla susamaz.
-Yəhya 6:35

Müqəddəs Kitab

Amos - Fəsil 7

Fəsillər: Giriş 1 2 3 4 5 6 7 8 9

 

Çəyirtkə sürüsü barədə görüntü

1) Xudavənd Rəbb mənə bu görüntünü göstərdi: budur, padşahın payı biçiləndən sonra əmələ gələn ot bitməyə başlayanda O, çəyirtkə sürüsü düzəldirdi.

2) Çəyirtkələr ölkədə bütün bitkiləri yeyib-qurtarmaq üzrə olanda mən dedim: “Ya Xudavənd Rəbb, yalvarıram, bağışla. Buna Yaqub nəsli necə dözər? Axı o kiçikdir”.

3) Buna görə Rəbb bu niyyətdən döndü. Rəbb dedi: “Bu olmayacaq”.  

Alov barədə görüntü

4) Sonra Xudavənd Rəbb mənə bu görüntünü göstərdi: budur, Xudavənd Rəbb cəza vermək üçün alov çağırdı. Alov dənizləri dibindən udaraq torpağı da yandırıb-yaxmaq üzrə olanda

5) mən dedim: “Ya Xudavənd Rəbb, yalvarıram əl saxla. Buna Yaqub nəsli necə dözər? Axı o kiçikdir”.

6) Buna görə Rəbb bu niyyətdən də döndü. Xudavənd Rəbb dedi: “Bu olmayacaq”.  

Şaqul barədə görüntü

7) Sonra mənə bu görüntünü göstərdi: budur, Xudavənd şaqulla düz tikilmiş bir divarın yanında dayanıb. Onun əlində bir şaqul var idi.

8) Rəbb məndən soruşdu: “Amos, sən nə görürsən?” Mən cavab verdim: “Bir şaqul”. Xudavənd dedi: “Budur, Mən xalqım İsraili yoxlamaq üçün aralarına bir şaqul qoyuram. Artıq onlardan əl çəkməyəcəyəm.

9) İshaqın nəslinin səcdəgahları xaraba qalacaq, İsrailin müqəddəs məkanları viran olacaq. Yarovamın nəslinə qarşı qılıncla çıxacağam””.  

Amos və Bet-El kahini Amasya

10) Bet-El kahini Amasya İsrail padşahı Yarovama belə xəbər göndərdi: “Amos İsrail nəsli arasında sənə qarşı qəsd hazırlayır. Onun sözlərinin öhdəsindən bu ölkə gələ bilməz.

11) Çünki Amos belə deyir: “Yarovam qılıncdan keçirilib öləcək. İsrail xalqı öz torpağından hökmən sürgünə aparılacaq””.

12) Sonra Amasya Amosa dedi: “Ey görücü, buradan get, Yəhuda torpağına qaç. Peyğəmbərliyini orada et, onların çörəyini ye.

13) Bir də Bet-Eldə peyğəmbərlik etmə, çünki bura padşahın müqəddəs məkanı və səltənətin məbədidir”.

14) Amos Amasyaya cavab verib, dedi: “Mən nə peyğəmbərəm, nə də peyğəmbərin şagirdi. Mən yalnız bir çobanam, firon ənciri ağaclarını yetişdirirəm.

15) Mən sürü otaran idim, Rəbb məni götürüb belə dedi: “Get, xalqım İsrailə peyğəmbərlik et”.

16) İndi isə Rəbbin sözünü dinlə. Sən “İsrailə qarşı peyğəmbərlik etmə və İshaq nəslinin əleyhinə vəz etmə” deyirsən.

17) Buna görə də Rəbb belə deyir: “Sənin arvadın şəhərdə fahişəlik edəcək, Oğulların və qızların qılıncdan keçiriləcək, Torpağın ölçülüb paylanacaq. Sən isə yad eldə – murdar bir ölkədə öləcəksən. İsrail xalqı öz torpağından hökmən sürgünə aparılacaq”.

up