Mən həyat çörəyiyəm, Mənim yanıma gələn əsla acmaz və Mənə iman edən əsla susamaz.
-Yəhya 6:35

Həyat nədir?

İmkan daxilində ömrün sonuna qədər xoşbəxt olmaqdan ötrü zaman dixilində bir səfərmi lazımdır?

Uğrunda bu qədər zəhmətə qatlaşdığımız şeylərə nail olduqdan sonra onlar nə üçün bizi məmnun etmir?

Əldə etmək üçün çalışdığımız şeyləri əldə etdikdən sonra nə üçün qane olmuruq?

Bu suallar indi ortaya çıxmayıb.

Təqribən 2000 il bundan əvvəl zəngin rəislərdən biri İsanın yanına gəlib Ondan soruşur:

Ey yaxşı müəllim! Əbədi həyatı miras almaq üçün nə etməliyəm? İsa ona deyir: “Nə üçün Məni yaxşı adlandırırsan? Bir Allahdan başqa kimsə yaxşı deyildir. Onun əmrlərini bilirsən: Zina etmə, qatillik etmə, oğurluq etmə, yalan şahidlik etmə, ata və anana hörmət et”.

Zəngin rəis cavab verir: “Bütün bunlara gəncliyimdən riayət edirəm”.

İsa bunu eşitdikdə ona dedi: “Daha bir çatışmazlığın var: hər nəyin varsa sat, yoxsullara payla. Göylərdə xəzinən olacaqdır. Sonra gəl, Mənim ardımca get”.

O isə bu sözləri eşitdikdə məyus oldu, çünki çox varlı idi.

İsa onun məyus olduğunu gördükdə dedi: “Sərvəti olanlar Allahın Səltənətinə nə çətinliklə girirlər!” 1

Sərvət problemlərin həlli deyil… çox vaxt sərvət həm bizim üçün, həm də digərləri üçün çox çətin bir məsələ olur.

up


Nə üçün məhz mən? 

Bizim hamımızın, bəzilərimizin böyük, bəzilərimizin də kiçik problemləri var. Zəlzələlər, müharibələr kimi fəlakətlərdən heç kəs sığortalanmayıb yaxud hər bir adam tənhalığa və xəstəliyə məruzdur. Heç kəs bunlardan kənarda qala bilməz. Bəzən bu kimi şeylər qəflətən gəlir.

Bir nəfər Yerusəlimdən Yerihoya gedərkən quldurların əlinə keçdi. Quldurlar onun paltarını çıxartdılar, özünü yaraladılar və yarımcan halda qoyub getdilər. Təsadüfən bir kahin (yəhudi din adamı) həmin yol ilə gedirdi; adamı gördükdə yolun o tayından keçdi. Bir levili də (kahin yardımçısı) o yerə çatdıqda yaxınlaşdı və onu görüb yolun o tayından keçdi. Bir nəfər samariyalı isə (yəhudilərin kafir saydıqları) o yoldan keçərkən ona rast gəldi və onu gördükdə yazığı gəldi, yaxınlaşıb onun yaralarına zeytun yağı və şərab tökərək sarıdı; onu öz eşşəyinə mindirib bir mehmanxanaya gətirdi və onun qayğısına qaldı. Ertəsi gün isə, oranı tərk edərkən iki dinar çıxarıb mehmanxana sahibinə verdi və dedi: "Onun qayğısına qal; və əgər artıq xərcin çıxarsa, geri qayıdanda mən sənə ödəyərəm."2

Dindar adamlar o bədbəxt və möhtac adamın yanından keçirlər. Yaralı adam çağırır: “Mənə kömək edəcək bir adam varmı?” Fəqət başqa dindən olan yad bir adam ona qayğı göstərdi və kömək etdi.

Hətta İsa Özü də aclıq və iztirab çəkmişdi. Ona görə İsa bizim dərd-sərimizi yaxşı bilir.

İsa qayğı göstərir!

up


İsa Məsih qayğı göstərir 

İsa Məsih xəstə adamlara qayğı göstərir. İsa şənbə günü on səkkiz il beli bükülü qalmış bir qadına rast gəlir.

İsa, şənbə günü sinaqoqların birində təlim verirdi. Orada, on səkkiz ildən bəri daxilində xəstəlik ruhu olan bir qadın var idi; onun beli bükülmüşdü və qətiyyən düzələ bilmirdi. İsa onu gördükdə yanına çağırdı və ona dedi: «Qadın! Sən öz xəstəliyindən azad olursan.» İsa əllərini onun üstünə qoydu, qadın da həmin anda dik durdu və Allaha həmd-səna etməyə başladı.3

İsa insanlar arasından qovulmuş adamlara qayğı göstərirdi. İndi QİÇS xəstəliyinə tutulan adamlar kimi onda da cüzam xəstəliyinə tutulan adamlar insanların arasından qovulurdu.

İsa şəhərlərdən birində olarkən, bütün bədəni cüzamlı olan bir adam gəldi. İsanı gördükdə üzü üstə yerə döşəndi və Ona: «Ya Rəbb, əgər istəsən, məni saf edə bilərsən», – deyə yalvardı. İsa əlini uzatdı və: «İstəyirəm, saf ol», – deyərək ona toxundu. Və cüzam dərhal onu tərk etdi.4

İsa dullara və yetimlərə qayğı göstərir. İsa Nain deyilən bir şəhərdə böyük bir izdihama rast gəlir. Dul qadının yeganə bir oğlunun cənazəsi çıxarılırdı.

Rəbb ananı gördükdə ona yazığı gəldi və: «Ağlama!» – dedi. Yaxınlaşıb ölünün uzandığı xərəyə toxundu və cənazəni aparanlar dayandılar. Və İsa dedi: «Ey gənc, sənə deyirəm: Dur!» Ölü durub oturdu və danışmağa başladı. İsa onu anasına verdi.5

Allahın məhəbbəti və qüdrəti hətta ölümdən də güclüdür. İsa Məsihin toxunması yeni həyat gətirdi.

up


İsa kimdir? 

İsa sadəcə qayğı göstərən Adam deyildi. İsanın möcüzələri göstərdi ki, O, insanlardan çox-çox yüksəkdir.

Bir dəfə İsa tənha bir yerdə dua edirdi və şagirdləri də Onunla idilər. O, onlardan soruşdu: «Xalqın dediyinə görə, Mən Kiməm?» Onlar da cavab verib dedilər: «Vəftiz edən Yəhya; digərləri isə İlyassan deyirlər. Bəziləri isə deyir ki, qədim peyğəmbərlərdən biri dirilib.» O isə onlardan soruşdu: «Bəs siz Məni kim hesab edirsiniz?» Peter (İsanın şagirdlərindən biri) cavab verib dedi: «Allahın Məsihi.»6

İsa Allahdan “Atam” deyə bəhs edirdi:

Hər şey Atam tərəfindən Mənə verildi. Oğulun kim olduğunu Atadan başqa heç kim bilməz; və Atanın kim olduğunu Oğuldan və Oğulun açmaq istədiyi şəxsdən başqa heç kim bilməz.7

Mən və Ata birik.8

Məni görən, Atanı görmüş olur.9

İsa hələ doğulmamışdan əvvəl bir mələk Onun anası Məryəmə belə dedi:

hamilə qalıb bir Oğul doğacaq və Onun adını İsa qoyacaqsan. O, böyük olacaq, Haqq-Təala Allahın Oğlu adlanacaqdır; və Rəbb Allah Ona atası Davudun taxtını verəcəkdir. Əbədi olaraq Yaqubun soyu üzərində hökmranlıq edəcək və Onun Səltənətinin sonu olmayacaqdır.10

İsa doğulan zaman çobanlara belə deyildi:

Bu gün Davudun şəhərində sizə Xilaskar doğuldu. O, Rəbb Məsihdir.11

İsanın doğulduğu gündən ilahi bir vəzifəsi var idi: bəşəriyyəti xilas etmək.

Sonralar Yəhya peyğəmbər İsadan bəhs edərək belə dedi:

Budur, dünyanın günahını aradan qaldıran Allah Quzusu!12

up


Nə üçün İsaya möhtacıq? 

İsa Məsih ilə olan əlaqəmiz həm indi, həm də ölümdən sonra həyatımız üçün əhəmiyyətlidir. İsa bunu bir hekayə vasitəsilə açıqladı:

Varlı bir adamın torpağı bol məhsul verdi; O özü-özlüyündə düşünürdü: "Nə edim? Məhsulumun bəhrəsini qoymağa yerim yoxdur." Və dedi: "Belə edərəm: anbarlarımı söküb daha böyüklərini tikərəm və bütün məhsulumu və bütün dövlətimi oraya toplaram. Və canıma deyərəm: Ey canım! Uzun illər üçün toplanmış çoxlu dövlətin var: rahat ol; ye, iç, kef çək." Amma Allah ona dedi: "Ağılsız! Sənin canını elə bu axşam alacaqlar; sənin hazırladığın şeylər bəs kimə qalacaq?" Allah qarşısında zəngin olmaq əvəzinə, özü üçün dövlət toplayan hər bir adamın aqibəti belə olur.13

“Deyirəm sizə; lakin, əgər tövbə etməsəniz, hamınız onlar kimi həlak olacaqsınız”.14

Tövbə etmək - qəlbdə, fikirdə və əməldə dəyişiklik etmək və öz yolumuzdan dönüb Allahın yolu ilə getmək deməkdir.

İsa dedi:

Yol, həqiqət və həyat Mənəm; Mənim vasitəçiliyim olmasa, Atanın (Allahın) yanına heç kim gələ bilməz.15

İsa bizim Onunla birlikdə olmağımızın əhəmiyyətini bir məsəl vasitəsilə açıqladı:

On dirhəmi olan hansı qadın bir dirhəm itirsə, çıraq yandırıb, evi süpürüb onu tapıncaya qədər axtarmaz? Tapdığı zaman öz rəfiqələrini və qonşularını yığıb deyər: "Mənim sevincimə şərik olun, mən itirilmiş dirhəmi tapdım!" Beləliklə, sizə deyirəm ki, tövbə edən bir günahkar üçün də Allahın mələkləri hüzurunda sevinc olur.16

İsa bilirdi ki, əgər O müdaxilə edib araya girməsə, müqəddəs və kamil Allahla əbədiyyətə qədər yaşamaq üçün insanların başqa bir yolu olmayacaq.

Həyatımız pis əməllərlə doludur. Həyatımızda Allaha yer vermirik. Problemimiz budur.

Ah, Rəbbin əli qısa deyil ki, xilas edə bilməsin, qulağı kar deyil ki, eşidə bilməsin. Lakin şər əməlləriniz Allahınızla sizin aranızda ayrılıq saldı. Günahlarınıza görə Onun üzü sizdən döndü, O səsinizi eşitmir.17

Günahlarımızın nəticəsi bizimlə Allah arasında əbədi ayrılıq, yəni ölümdür.

Günahın əvəzi ölüm, Allahın ənamı isə Rəbbimiz Məsih İsada əbədi həyatdır.18

up


İsa bizim üçün öldü 

İsa Məsihin bizim yerimizə ölməsi - xilasımızdır. Etdiyimiz günahların cəzasını O çəkdi.

Allah bizə olan Öz məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ikən Məsih bizim uğrumuzda öldü.19

İsa günahsız idi.

Pilat İsanı buraxmaq niyyəti ilə yenə də səsini ucaltdı. Amma onlar: «Onu çarmıxa çək, çarmıxa çək!» – deyə bağırırdılar. O, üçüncü dəfə onlara dedi: «Axı O nə pislik edib? Mən Onda ölümə layiq bir şey tapmadım; buna görə Onu cəzalandırıb azad edəcəyəm.» Amma onlar israr edərək uca səslə tələb edirdilər ki, O, çarmıxa çəkilsin; və onların və baş kahinlərin səsi üstün gəldi. Pilat onların istəklərini yerinə yetirmək qərarına gəldi və üsyan qaldırıb, qətl etdiyi üçün zindana salınmış adamı onların xahişinə görə sərbəst buraxdı; İsanı isə onların ixtiyarına təslim etdi.20

Bu, vəhşicəsinə və zalımcasına bir edam idi.

Kəllə adlanan yerə gəldikləri zaman, orada Onu və cinayətkarları çarmıxa çəkdilər.21

İsa çarmıxda ikən Ona bir cinayətkardan başqa heç kəs iman etmədi.

Asılmış olan cinayətkarlardan biri Onu söyərək deyirdi: «Əgər Sən Məsihsənsə, Özünü və bizi xilas et.» Digəri isə ona məzəmmət edərək deyirdi: «Özün eyni cəzaya məhkum olunduğun halda, Allahdan qorxmursanmı? Biz öz əməllərimizə layiq cəzanı haqlı olaraq almışıq; O isə heç bir günah işlətməmişdir.» O, İsaya dedi: «Ya Rəbb! Öz Səltənətinlə gəldiyin zaman məni yada sal!» İsa ona dedi: «Sənə doğrusunu deyirəm ki, bu gün sən Mənimlə bərabər cənnətdə olacaqsan».22

İsanın yerdəki həyatının son dəqiqələri yaxınlaşdıqca nələr baş verdiyi yavaş-yavaş üzə çıxmağa başladı.

Gündüz altıncı saata qədər bütün ölkəyə qaranlıq çökdü. Məbədin pərdəsi ortadan yarıldı. İsa uca səslə nida edərək: «Ey Ata! Öz ruhumu Sənin əllərinə verirəm», – dedi. Və bunu deyib canını tapşırdı. Yüzbaşı isə bu hadisəni görərək, Allaha həmd-səna edib dedi: «Doğrudan da bu Adam saleh idi.» Bu mənzərəni müşahidəyə toplaşan bütün xalq baş verən hadisəni gördükdə sinəsinə döyə-döyə geri dönürdü. Onu tanıyan adamların hamısı və Onun ardınca Qalileyadan gəlmiş qadınlar isə uzaqda durub bu mənzərəyə tamaşa edirdilər.23

Üç gündən sonra İsa ölülərdən dirildi və həqiqət üzə çıxdı.

O həftənin ilk günü çox erkən, qadınlar hazırladıqları ətirləri götürüb, qəbirin yanına gəldilər. Bəzi başqaları da onlarla bərabər getdilər. Amma qəbirin ağzındakı daşı yuvarlanmış gördülər. Girib Rəbb İsanın cəsədini tapmadılar. Onlar buna təəccüblənərkən parlaq paltar geymiş iki kişi qəflətən onların qarşısında peyda oldu. Qadınlar qorxu içində üzüstə yerə döşənəndə kişilər dedilər: «Nə üçün siz Dirini ölülər arasında axtarırsınız? O burada deyildir; O dirilmişdir. Hələ Qalileyada olarkən Onun sizə nə dediyini yadınıza salın. Demişdi ki, "İnsan Oğlu günahkar insanların əlinə verilməli, çarmıxa çəkilməli və üçüncü gün dirilməlidir."» Qadınlar da İsanın sözlərini yada saldılar.24

Sonrakı qırx gün müddətində İsa Özünü şagirdlərinin çoxuna göstərdi və axırda Atası Allahın yanına qayıtdı.

Onları (şagirdlərini) şəhərdən çıxarıb Beytanyaya kimi gətirdi və Öz əllərini qaldırıb onlara xeyir-dua verdi. Onlara xeyir-dua verərkən, onlardan uzaqlaşıb göyə qalxmağa başladı. Onlar da Ona səcdə etdilər və böyük sevinclə Yerusəlimə qayıtdılar.25

İsa öldü və dirildi, Atası Allahın yanına qayıtdı və bunu vəd etdi:

Təkrar gəlib sizi Öz yanıma gətirəcəyəm ki, Mən haradayamsa, siz də orada olasınız.26

up


Bəs sənin həyatın necə? 

Sənin həyatın doğru yoldadırmı? Allaha bağlanmaq niyyətin varmı? Ancaq İsa Məsihə iman etməklə Allaha bağlana bilərsən. Bu bir dindarlıq və ya milliyyəti dəyişdirmək deyil, bu, ürək dəyişdirməkdir. Bu üç addım sənin üçün başlanğıcdır:

1 Allah önündə günahlı olduğunu etiraf et.

“Önündə asiliyimiz böyükdür, günahlarımız bizə qarşı şəhadət edir! Şər əməllərimizdən xəbərdarıq”.27

2 Xilaskar Rəbb İsaya ürəkdən iman et.

“Rəbb İsaya iman et, sən və evindəkilər xilas olarsınız”.28

İman etmək bu deməkdir:

1) Güvənmək: Bütün qəlbinlə Rəbbə güvən, öz idrakına etibar etmə.29

2) Təslim olmaq: Kim ardımca gəlmək istəyirsə, qoy özünü inkar etsin və çarmıxını götürüb Məni izləsin.30

3) İtaət etmək: Kim Məni sevərsə, sözümə riayət edər.31

3 İsanı hamının qarşısında Rəbb kimi açıq etiraf et.

Ona körə ki, insan ürəkdən iman edərək bəraət qazanır, ağzı ilə iqrar edərək də xilas olunur.32

Sən bu addımları atsan, Allah Öz Müqəddəs Ruhunu sənə bəxş edər ki, səndə yeni bir həyat yaratsın, səninlə əbədi qalsın və İsa ilə bir yolda getmək üçün sənə qüdrət versin.

Günahlarınızın bağışlanması üçün tövbə edin və hər biriniz İsa Məsihin adı ilə vəftiz olsun və Müqəddəs Ruhun ənamını alacaqsınız.33

Bu addımları atmaqla:

1) Əbədi həyatı alacaqsan:

Oğula (İsaya) iman edənin əbədi həyatı vardır.34

2) Duada Allahla maneəsiz danışa bilərsən. Onunla elə bu gün danışmağa başla.

3) Allahın Sözü, Müqəddəs Kitab sənin yoluna nur saçar və lazım olan hər şeyi sənə anladar.

Hər Müqəddəs Yazı Allahdan ilham almış və təlim, təkzib, islah, salehlik tərbiyəsi üçün faydalıdır ki, Allah bəndəsi kamil olub, hər cür xeyirli iş üçün təchiz edilsin.35

4) Allahın ailəsinin, iman etmiş adamların bir hissəsisən. Təlim, kömək və təsəlli üçün onlara möhtacsan.

Onlar, həvarilərin təlimində və ünsiyyətində, çörək bölməkdə və dua etməkdə davam edirdilər.36

Bu, Allahın istəyi həyatdır. İsa Özü belə demişdi:

Mən isə gəldim ki, insanlarda həyat, bol həyat olsun.37

up


  1. Luka 18: 18-24
  2. Luka 10:30-35
  3. Luka 13:10-13
  4. Luka 5:12-13
  5. Luka 7:11-15
  6. Luka 9:18-20
  7. Luka 10:22
  8. Yəhya 10:30
  9. Yəhya 14:9
  10. Luka 1:31-33
  11. Luka 2:11
  12. Yəhya 1:29
  13. Luka 12:16-21
  14. Luka 13:3
  15. Yəhya 14:6
  16. Luka 15:8-10
  17. Yeşaya 59:1-2
  18. Romalılara 6:23
  19. Romalılara 5:8
  20. Luka 23:20-25
  21. Luka 23:33
  22. Luka 23:39-43
  23. Luka 23:44:49
  24. Luka 24:1-8
  25. Luka 24:50-52
  26. Yəhya 14:3
  27. Yeşaya 59:12
  28. Həvrilərin İşləri 16:31
  29. Süleymanın Məsəlləri 3:5
  30. Luka 9:23
  31. Yəhya 14:23
  32. Romalılara 10:10
  33. Həvarilərin İşləri 2:38
  34. Yəhya 3:36
  35. 2 Timoteyə 3:16-17
  36. Həvarilərin İşləri 2:42
  37. Yəhya 10:10